Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin endokrinoloqlarını bir araya gətirəcək Türk Dilli Dövlətlərin 1-ci Endokrinoloji Konfransı (TDDEK) 18-20 aprel tarixlərində Bakıda baş tutacaq. Azərbaycan Endokrinoloqlar Cəmiyyətinin ev sahibliyi etdiyi bu konfrans, elmi əməkdaşlığı gücləndirmək, bilik və təcrübə mübadiləsini inkişaf etdirmək məqsədi daşıyır.
Konfransın elmi proqramına endokrinoloji xəstəliklərə kliniki-praktik yanaşmalar, sahədəki son yeniliklər və nadir patologiyalarla bağlı məruzələr daxildir. Hər bir ölkənin aparıcı mütəxəssislərinin iştirakı ilə baş tutacaq interaktiv panellər, mütəxəssislər üçün dəyərli akademik və praktiki təcrübə imkanı yaradacaq. Azərbaycan Endokrinoloqlar Cəmiyyəti tədbirin gələcəkdə digər türk dövlətlərinin ev sahibliyi ilə davam edəcəyinə inanır.